9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür. Milli varlığımızın, suverenliyimizin, həmrəyliyimizin, gücümüzün rəmzi olan Azərbaycan Bayrağının 103 il öncə təsdiqləndiyi bu gün minlərlə şəhidimizin al qanı ilə suvarılan Vətənimizin qürur mənbəyidir. Rənglərinin simvolikası ilə məramını ifadə edən müqəddəs bayrağımız milli kimliyimizin rəmzidir. Dövlət başçımız cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, hər il ölkəmizdə 9 noyabr “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilir.

Üçrəngli milli bayrağımızın rənglərinin qəbul edilməsi, işlənib hazırlanması Əli bəy Hüseynzadənin adı ilə bağlıdır. Bilirik ki, bayrağın göy rəngi türkçülüyün, qırmızı müasir azadlıq ideologiyasının, yaşıl rəng isə islamçılığın tərənnümüdür. Yəni “Türk qanlı, İslam imanlı, Avropa qiyafəli olalım” şüarı üç rəngin açmasıdır. Dövlət rəmzi kimi bayraq milli kimliyi, düşüncə tərzini və inancları özündə əks etdirir. Bu ideya 1895-ci ildə Əli bəy Hüseynzadə tərəfindən verilib. Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunub.

Məlumdur ki, Azərbaycan Respublikasının dövlət bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 21-də verilib. Bu elə bir dövr idi ki, Azərbaycan milli hərbi qüvvələrinin və türk ordusunun heyətindən formalaşan Qafqaz İslam Ordusu Göyçay ətrafında düşmənlərə qarşı mübarizə aparırdı. Müharibənin qızğın dönəmində dövlət bayrağının təsisi haqqında verilən qərara əsasən, Azərbaycan bayrağı qırmızı materialdan, üstündə ağ aypara və qırmızı fonda ağ səkkizguşəli ulduzun təsviri kimi hazırlanmalı idi. Qırmızı rəng qanlar bahasına alınmış azadlığın, hürriyyətin anlamıdır. Bu qərar qəbul edilərkən Azərbaycan milli hökuməti hələ Gəncədə idi. Qafqaz İslam Ordusu 1918-ci il sentyabrın 15-də Bakını azad etdi və Azərbaycan milli hökuməti Bakıya köçdü. Az keçmədi ki, bayraq haqqında ikinci qərar qəbul edildi. 9 noyabr 1918-ci il tarixli “Milli bayraq haqqında Azərbaycan hökumətinin qərarı” baş nazir Fətəli xan Xoyskinin məruzəsinə istinadən qəbul edildi.

Suverenliyimizin rəmzi olan bayrağımız dövlətimizin müstəqilliyi uğrunda canlarını fəda edən oğul və qızlarımızın qanı ilə boyanmışdır. 1991-ci il oktyabrın 18-də dövlət müstəqiliyimizi bərpa etdikdən sonra “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzləri, o cümlədən Dövlət bayrağımız da bərpa edildi. “Türkləşmək, müasirləşmək, islamlaşmaq” ideyasını rənglərində əbədiləşdirən bayrağımız müasir Azərbaycanın tarixi dövlətçilik ənənələrinə sadiqliyini bir daha nümayiş etdirir, bu ənənələri inamla yaşadır.

Azərbaycan Respublikasının dövlət bayrağından istifadə Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasının  Dövlət bayrağı  haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının  Dövlət bayrağı  haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və  Əsasnamə ilə təsdiq edilib.

Bütün tarixi, əlamətdar günlərdə, dövlət başçılarının rəsmi səfərlərində, beynəlxalq tədbirlərdə, idman yarışlarında, olimpiadalarda Azərbaycanın adını yüksəldiyi ucalıqlardan dünyaya çatdıran da varlığımızı təsdiqləyən bayrağımızdır. Azərbaycan bayrağı bütün dövlət təşkilatlarının, respublikamızdan kənarda diplomatik korpuslarımızın, nümayəndəliklərimizin binaları üzərində müstəqilliyimizin rəmzi kimi dalğalanır. Beynəlxalq tədbirlərdə dünya dövlətlərinin bayraqları arasında Azərbaycanın simvolu kimi dayanır.

Bir il öncə müzəffər Azərbaycan Ordusu otuz ilə yaxın düşmən işğalında qalan əzəli torpaqlarımızı xilas etdi. O günlərdə bütün Azərbaycan xalqını ən çox qürurlandıran anlardan biri də döyüşçülərimizin Ermənistan silahlı qüvvələrini məğlubiyyətə uğradaraq, azad etdikləri hər bir şəhərdə dövlət bayrağımızı ucaltmalarını və bu barədə Ali Baş Komandan İlham Əliyevə məlumat vermələrini əks etdirən videogörüntülər idi. Ermənistan öz layiqli cavabını döyüş meydanında aldı. Düşmənin silahlı qüvvələri qəhrəman Azərbaycan ordusu tərəfindən darmadağın edildi. Otuz ilə yaxın davam edən həsrətimiz, nigarançılığımız, narahatlığımız bitdi. Bu gün yağılardan xilas etdiyimiz ərazilərimizdə – Qubadlıda, Cəbrayılda, Zəngilanda, Füzulidə, Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında… Azərbaycan bayrağı dalğalanır.

İkinci Qarabağ müharibəsində bütün Azərbaycan xalqı öz Prezidentinin, ordusunun yanında bir yumruq kimi birləşərək Vətən üçün can verməyə hazır, qan tökməyə qadir olduğunu bir daha göstərdi.
Həmişə ucalarda dayan, inamla, qürurla dalğalan, Azərbaycan bayrağı!
Üçrəngli bayrağınla məsud yaşa, Azərbaycan!
Dostlarımızı sevindirən, düşmənimizi xar edən üçrəngli bayrağımız dövlətimizin əzəmətini və gücünü bütün dünyaya təsdiqləyir. Bu il 9 noyabr tarixində – Dövlət Bayrağı Günündə Azərbaycanın üçrəngli bayrağı doğma Qarabağımızda qürurla dalğalanır.
Azərbaycan bayrağına eşq olsun!
Bayramınız mübarək!


Müxbir: Arzu Əliyeva
Mənbə:
bsu.edu.az, anl.az
Həmçinin bax: https://tehsilim.org/dovlet-imtahan-merkezinde-noyabrin-7-de-gre-imtahani-kecirilecek/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir