AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin ümumi yığıncağında bir sıra məsələlər müzakirə edilib

AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin onlayn ümumi yığıncağı keçirilib.
Tehsilim.org” Təhsil Portalı xəbər verir ki, ümumi yığıncağı AMEA-nın vitse-prezidenti, Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik İsa Həbibbəyli açaraq gündəlikdəki elmi-təşkilati və kadr məsələləri barədə məlumat verib.
Ümumi yığıncaqda, həmçinin “Nizami Gəncəvi irsi və təbiət” mövzusunda keçirilən VII “Fizika və lirika” konfransının yekunları və qarşıda duran vəzifələrdən söz açılıb. Akademik İsa Həbibbəyli konfransın AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat və Molekulyar Biologiya və Biotexnologiyalar institutlarının birgə təşkilatçılığı ilə keçirildiyini qeyd edib. Bildirib ki, tədbirdə Nizami Gəncəvinin həyatı, elmi və dünyəvi görüşlərinə həsr edilmiş “Nizami Gəncəvinin nəsil şəcərəsi və həyatı”, “Nizami Gəncəvinin elmi dünyagörüşü və elmə münasibəti”, “Nizami Gəncəvinin yaradıcılıq yolu”, “Nizami Gəncəvinin yaradıcılığında insan sağlamlığı məsələləri”, “Nizaminin təbiət aləmi və təbiət sevgisi” mövzularında məruzələr dinlənilib.
Daha sonra bölmənin bir sıra müəssisələrinin baş direktoru vəzifəsinə seçkilər keçirilib. Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru vəzifəsinə fəlsəfə elmləri doktoru İlham Məmmədzadənin, Folklor İnstitutunun baş direktoru vəzifəsinə akademik Muxtar İmanovun, Hüseyn Cavidin ev-muzeyinin baş direktoru vəzifəsinə isə filologiya elmləri doktoru Gülbəniz Babaxanlının namizədliyi irəli sürülüb, açıq səsvermə yolu ilə onlar seçiliblər və təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul olunub.
Sonda yığıncaq iştirakçılarının sualları cavablandırılıb, humanitar və ictimai elmlərin qarşıda duran vəzifələri və fəaliyyətinə dair müzakirələr aparılıb.

Mənbə: AZƏRTAC
Həmçinin bax: https://tehsilim.org/gəncədə-unudulmaz-tarix-adli-tədbir-kecirilib/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir