Bizi biz edən dəyərlər

Bizi biz edən, eyni duyğu və düşüncə ətrafında birləşdirən çox qiymətli dəyərlərimiz vardır. Bu dəyərlər sadəcə cəmiyyətin bərabərliyinin mayası deyildir, eyni zamanda bütün dünyaya nümunə ola biləcək markamızdır. Hər insan ilk növbədə yaradılmışların ən alisi olduğu üçün dəyərlidir. Bu dəyəri daha da üstün edərək bizi hər kəsdən fərqləndirən isə əsrlərdən bəri sahib olduğumuz milli mənəvi dəyərlərimizdir. Bəs hansıdır bu dəyərlər? Bunlar xalqımızın min illərdir qoruyub saxladığı adət-ənənələri, milli xüsusiyyətləri, təbliğ etdiyi bəşəri ideyalarıdır. Keçmişdən bu günə gələn əsirlərin, qərinələrin sorağı bizi bu dəyərlərə bağlayaraq dövrümüzə körpü salmışdır. Xalqımızın bu günümüzə qədər gəlib çatmış və gələcəyə doğru addımlayan qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi millətimizin qürur mənbəyidir. Dünyada qloballaşmanın getdiyi bir dövrdə isə xüsusilə də gənc nəsildə adət-ənənələrimizə olan sadiqliyi görmək ayrıca bir qürurdur. Bunları yazmağımda bir səbəb vardır. Bu günlərdə yolda bir hadisə ilə rastlaşdım. Şəhərin mərkəzi küçələrindən birində yaşlı bir qadın əlində ağır zənbillərlə harasa gedirdi. İti addımlarla irəliləyirdim ki, xanıma yaxınlaşıb əlindəki zənbilləri daşımağına kömək edim. Bir xeyli kənarda isə yaşları təxminən 22, bəlkə də 23 olan iki gənc durub söhbət edirdi. Bu zaman gənclərdən biri başını qaldırıb baxarkən yaşlı xanımı gördü. Qaçaraq ona yaxınlaşdı, əlindən zənbilləri ədəblə alıb qayğıkeş nəzərlərlə xanıma baxıb hansı tərəfə gedəcəyini soruşdu. Yaşlı xanım təkidlə: “Çox sağ ol, ay oğul, özüm apararam”,— desə də, gənc razılaşmadı. Addımlarımı yavaşlatmışdım, amma millətimə duyduğum qürur öndə gedirdi. O anda mənə elə gəldi ki, xalqımızın söz abidəsinə çevrilmiş ” Kitabi – Dədə Qorqud” dastanındakı el ağsaqqalı olan dədəmiz Qorqudu bir daha müqəddəslik zirvəsinə qaldırdıq. Sanki Allahın bütün mərhəməti, hikməti və ədaləti dünyada fitnə fəsadı aradan qaldırmaq üçün yerə enmişdi .”Mən gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm”,— deyən İslam peyğəmbərinin “Kiçiyimizə mərhəmət göstərməyən, böyüyümüzə hörmət etməyən bizdən deyil!” hədisi qulağımda səsləndi. Kənardan baxanda çox sadə görünən bu davranış özü-özlüyündə xalqımızın köklü ənənələrinə sadiqliyini göstərərkən həm də milli mənəvi dəyərini nümayiş etdirir. Məhz bu dəyərlərdir bizi biz edən, hamıdan fərqləndirən və qiymətli edən. Dürüstlüyümüz, təmiz vicdanımız, qürurumuz, qorxmazlığımız, mübarizliyimiz, dönməzliyimiz, vətənpərvərliyimiz hamısı bu dəyərlərin ətrafında birləşib, bütünləşib zirvələrə yüksəlib. Aparılan uğurlu dövlət siyasəti nəticəsində dərinlərə kök atan və gələcəyə doğru uzanan milli dəyərlərimiz bizim dəyişilməyən kimliyimizə çevrilib. Dünyada bu kimliklə tanımağın özü ayrı bir fəxarətdir. Çünki millətin dəyəri onun milli kimliyini ortaya qoyan xüsusiyyətlərlə bağlıdır. Dəyərlərini itirən millətlər isə tarix səhnəsindən silinməyə məhkumdur!

Yazar: İlahə Allahverdiyeva

Həmçinin bax: 5 oktyabr — Müəllimlər Günü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir