“Dövlət qulluğunda gender bərabərliyi: mövcud vəziyyət və çağırışlar” mövzusunda təlim keçirilib

Dövlət İmtahan Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GiZ) birgə təşkilatçılığı ilə 11 oktyabr 2021-ci il tarixindən başlayaraq “Dövlət qulluğunda gender bərabərliyi: mövcud vəziyyət və çağırışlar” mövzusunda təlimlər keçirilir.

Tehsilim.org” təhsil portalı edu.gov.az saytına istinadən xəbər verir ki, təlimlər 11-18 oktyabr tarixlərində mərkəzi icra hakimiyyəti orqanlarının əməkdaşları üçün keçiriləcək.

11 oktyabr tarixində keçirilən təlimdə İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatı, həmçinin Nazirliklərin yanında olan dövlət agentlikləri və dövlət xidmətlərinin gender məsələləri üzrə məsul şəxsləri iştirak ediblər.

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov və Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova tədbiri giriş nitqi ilə açaraq gender bərabərliyi məsələlərindən söz açıblar.

S.Qəhrəmanova təlimin aktuallığından və qadın problemlərinin və gender bərabərsizliyinin aradan qaldırılması üçün görülən tədbirlərdən söz açıb. B.Xəlilov təlimin keçirilməsi məqsədlərindən, “Dövlət qulluğunda gender bərabərliyi üzrə” Kurikulumun mahiyyət və məzmunundan, həmçinin dövlət qulluğunda gender bərabərliyinin təmini məsələlərindən danışıb.

Təlimdə daha sonra Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin sədr müavini Elgün Səfərov tərəfindən “Gender bərabərliyinin təmin edilməsi və stereotiplərlə mübarizə” adlı təqdimat edilib və çıxış zamanı gender stereotiplərinin fərdlər və cəmiyyət üzərindəki mənfi təsirləri və onlardan yayınmaq üsulları barədə danışılıb.

DİM-in Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov “Dövlət idarəçiliyində gender bərabərliyi: beynəlxalq öhdəliklər və milli normalar” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər, gender bərabərliyinin dövlət siyasətində rolu və gender bərabərliyi məsələsində dövlətin götürdüyü beynəlxalq öhdəliklər barədə təlim iştirakçılarına məlumat verilib.

Həmçinin, DİM-in sektor müdiri Elnur Abbasov “Dövlət qulluğunda gender bərabərliyi üzrə Kurikulum” ümumi məlumat”, “Dövlət qulluğuna qəbul mexanizmləri və dövlət qulluğunda gender bərabərliyi” və “Dövlət qulluğunda vəzifədə yüksəliş prosesində və ehtiyat kadrların idarə edilməsində gender bərabərliyi” mövzularında təqdimatlarla çıxış edib. Çıxış zamanı “Dövlət qulluğunda gender bərabərliyi üzrə” Kurikulum barədə ətraflı məlumat verilib, dövlət qulluğunda gender bərabərliyinin praktiki aspektləri, gender bərabərliyinə nail olunması üçün tətbiqi mexanizmlər barədə məsələlərə toxunulub.

Təlimin sonunda dövlət qulluğunda gender bərabərliyinə dair aktual məsələlərin müzakirəsi aparılıb və tədbirin iştirakçılarına sertifikatlar təqdim olunacaqdır.

Qeyd edək ki, təlimlərin ali təhsil müəssisələri və məhkəmə hakimiyyəti orqanlarının nümayəndələri üçün də keçirilməsi nəzərdə tutulub.

Müxbir : Gunay Sarkar
Mənbə :
dim.gov.az
Həmçinin bax: https://tehsilim.org/v-qrant-musabiqesi-cercivesinde-qalib-layihelerin-icrasi/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir