Dövlət qulluğunda “Səriştə modelinin təsdiqlənməsi” üzrə pilot layihənin növbəti onlayn təlimi keçirilib

18-19 oktyabr 2021-ci il tarixlərində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə birgə SIGMA proqramı çərçivəsində dövlət qulluğunda “Səriştə modelinin təsdiqlənməsi” üzrə pilot layihənin növbəti onlayn təlimi keçirilib

Tehsilim.org” təhsil portalı dim.gov.az saytına istinadən xəbər verir ki, pilot layihə üzrə təlimin keçirilməsində əsas məqsəd iştirakçıların vəzifə təhlili və səriştələrin hazırlanmasına dair bacarıqlarını inkişaf etdirmək və praktiki məşğələlər vasitəsilə situasiya əsaslı müsahibə üsulları haqqında biliklərini inkişaf etdirmək olub.
Təlimin ilk günündə ekspertlər tərəfindən İnsan Resurslarının İdarə Edilməsi (İRİE) sistemində səriştələrin rolu, DİM tərəfindən müəyyənləşdirilmiş səriştələrin siyahısı, vəzifə təhlili, vəzifənin təhlil edilmə üsulları, situasiya əsaslı müsahibə üsulu haqqında təqdimatlar edilib, o cümlədən iştirakçılar qeyd olunan müsahibə üsulu haqqında təcrübi-məşğələyə cəlb olunublar

Təlimin növbəti günündə iştirakçılara “gələcəyə dair baxış üsulu” və fokus qruplarla müsahibələrin keçirilməsi haqqında məlumat verilib. Eyni zamanda, iştirakçılar üçün “gələcəyə dair baxış” üsulu əsasında keçirilən müsahibəyə dair nümunə təqdim edilib.

Qeyd edək ki, pilot layihə üzrə bu təlim “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın “5.4. Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi”nin həyata keçirilməsinə dəstək məqsədilə DİM-in müvafiq əməkdaşları və səriştə modelinin hazırlanmasında iştirak edən bir sıra dövlət orqanının (pilot qurumların) nümayəndələrindən ibarət İşçi Qrupu üçün keçirilib.
Xatırladaq ki, pilot layihənin iştirakçı qurumları olaraq Qida Təhlükəsizliyi Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Bakı Apellyasiya Məhkəməsi və İqtisadiyyat Nazirliyi seçilib.

Təlim SIGMA-nın İRİE sistemində təcrübəli ekspertləri olan Aine Gray və Laura Həmidova tərəfindən keçirilib.
Təlimdə iştirakçılar üçün ingilis dilindən Azərbaycan dilinə və əksinə tərcümə xidməti təmin edilib.

Mənbə:dim.gov.az
Müxbir:Arzu Əliyeva

Həmçinin bax: https://tehsilim.org/dovlet-qullugunda-inzibati-rehber-a-novu-vezifeler-uzre-musabiqenin-test-imtahanina-qeydiyyat-elan-edilib-3/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir