“eTwinning Plus” layihəsi üzrə üç günlük seminara start verilib

Oktyabrın 11-də Bakıda “eTwinning Plus” layihəsi çərçivəsində Azərbaycan və Türkiyə arasında keçirilən üç günlük seminar işə başlayıb.

Tehsilim.org” təhsil portalı edu.gov.az saytına istinadən xəbər verir ki, Seminarın açılış mərasiminə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Türkiyə Təhsil Nazirliyinin dairə başqanı Mustafa Hakan, “eTwinning” layihə koordinatorları, Azərbaycanın müxtəlif bölgələrindən 36 nəfər müəllim və Türkiyədən 36 nəfər müəllim qoşulub.

Bildirilib ki, “Media savadlılığı və dezinformasiya” mövzusunda təşkil olunan seminarın məqsədi hər iki ölkədə beynəlxalq ortaq təhsil layihələrinin icrası, həmçinin, “Avropa eTwinning” ölkələrində təhsil sahəsində birliyin davam etdirildiyini nümayiş etdirməkdir.

11-13 oktyabr tarixlərini əhatə edəcək seminar çərçivəsində media savadlılığı, dezinformasiyanın qarşısının alınması, rəqəmsal bacarıqlar, layihə əsaslı təhsil və müəllimlərin XXI əsr bacarıqlarını inkişaf etdirəcək müxtəlif təlimlər və müzakirələr təşkil olunacaq. Təlimlər yerli və türk mütəxəssislər tərəfindən aparılacaq.

Qeyd edək ki, ölkəmiz 2013-cü ildən etibarən “eTwinning Plus” layihəsində iştirak edir. Layihə Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının “eTwinning” layihəsinin tərkib hissəsidir. Layihənin əsas məqsədi proqramda iştirak edən 40-a yaxın Avropa ölkəsindən olan pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, həmçinin birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır. Layihə çərçivəsində ölkəmizdən indiyədək 927 məktəbdən 3224 müəllimin iştirakı ilə 3432 təhsil layihələri həyata keçirilib, bir çox yüksək beynəlxalq nailiyyətlər əldə edilib və Avropa ölkələri ilə eyni səviyyədə rəqabət aparılıb.

Müxbir: Səlimə Abdurəhimova
Mənbə: edu.gov.az
Həmçinin bax: https://tehsilim.org/bentham-science-publishers-sirketinin-meneceri-bdu-da-olub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir