İlin gənci və əlaçı tələbəsi ilə müsahibə

Tehsilim.org Naxçıvan MR İlin gənci və İlin əlaçı tələbəsi seçilən Naxçıvan Müəllimlər İnstitutunun İbtidai sinif müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi Aytac Dilsuz qızı Əliyeva ilə olan müsahibəni təqdim edir.

Tələbəliyinizin ilk illərində nə kimi çətinliklərlə qarşılaşdınız?

Düşünün məktəbi yenicə bitirmiş və arzularındakı peşəyə daxil olan 18 yaşlı bir gənc onu arzuladığı yerdə nəyin qarşılacağından belə xəbərsiz. İndi belə xatirəmdədir, səhərə qədər yata bilməmişdim. Həyacandan səhər erkəndən oyanıb hazırlandım və aynanın qabağına keçib dedim: “Aytac gəncliyini doya-doya yaşa. Universitetin səni hədəflərinə aparacaq ən gözəl qapı olduğuna inan, gözəl dostluqlar gətir həyatına, gözəl fürsətlər gətir”. Və aylıq hədəflərimin arasına dəftərimə qeyd: “Oxuduğun müəssisənin adı çəkildiyi zaman sənin adın ilk hallansın”. İlk gün o qədər özümü şüuraltında müsbətə kökləmişdim ki, hər şey çox gözəl oldu qısa zaman ərzində oxuduğum Naxçıvan Müəllimlər İnstitutunun müəllim kollektivinə, tələbə heyətinə o qədər çox mehribanlaşdım ki… Düzdü çətinliklər də olurdu, amma mən, bayaq da qeyd etdiyim kimi, çətinliklərə böyük problem kimi baxmıram, onlara məni formalaşdıran, arzularıma yaxınlaşdıran bir vasitə kimi baxıram.

Mütləqdir ki, təhsil həyatınızda sizi narahat edən, təhsilinizə mane olan nələrsə olub. Bu problemlərin öhdəsindən necə gəlmisiniz?

Təbiidir ki, bir yerdə irəliləyiş, təkan, uğur varsa mütləqdir ki, orda mənfi hadisələr, mənəvi psixoloji narahat edən faktorların olması qaçınılmazdır. Açıq etiraf etməliyəm ki, mən də bu cür mənfi nüanslarla qarşılaşmışam, amma hal-hazırda dayandığım yerdən baxdığım zaman deyə bilərəm ki, yaxşı ki, o hallar yaşanıb, yoxsa mən bu günkü Aytac ola bilməzdim. Düşünürəm ki, uğura gedən yolda hər yer güllük gülüstan olsa, qazandığımız uğurların bir dəyəri qalmaz, ayağımıza vurulan daşlardı bizi dəyərli edən, o böyük daşlardı bizi zirvəyə aparan. Səbr edin və arzularınızdan əl çəkməyin, hər şeyin yaxşı olacağına bütün qəlbinizlə inanın, əsas budur.

İlin gənci və əlaçısı seçilərkən nə hisslər keçirdiniz? Bu uğuru qazanmağınızda kimlərin rolu oldu?

Qeyd etməliyəm ki, 2017-ci ildə İlin tələbəsi seçilmişdim və mən 1-ci kursda təhsil alırdım, bu xəbəri eşidəndə o qədər çox sevinmişdim ki, dəftərimdə qeyd etdiyim hədəfə çatırdım, amma dayanmaq olmazdı, daim daha artığını istəyirdim və inanırsızmı, birşey etdiyiniz zaman düşünməyin mən bu adı alacam və yaxud da mənə bu imkanlar yaradılacaq, sadəcə etdiyiniz işi sevin və kiminsə həyatında müsbət dəyişiklər etməyə çalışın. Allah o zaman sizə hər şeyin ən mükkəmməlini verəcək. Daha sonra İlin gənci ,İlin əlaçı tələbəsi seçilməyimi həyatımın möcüzəsi adlandıra bilərəm çox insan deyir ki, gördüyün atdığın addımların bəhrəsidi. Məni qiymətləndirən, dəyər verən, o ada layiq görən hər kəsə minnətdaram, ən əsası, İnstitutumuzun rəhbərliyinə. Həmişə demişəm, mənim ən böyük dəstəkçim içimdəki məndir. İnsan çətinliklə, yuxusuz gecələri ilə gördüyü işlərin bəhrəsini gördüyü zaman necə hiss edə bilər? O, hissləri danışmaq çox çətindir, sadəcə gözlərinin içi gülümsəyir və qəlbində deyirsən ki, Bacardın Aytac. O söz səni daha da həvəsləndirir və yeni arzulara yelkən açmağına imkan yaradır.

Həyata keçən layihələriniz hansılardır? Gələcəkdə nə kimi planlarınız var?

Təhsil aldığım müddət ərzində bir çox layihələrim işıq üzü görüb. Televiziyada, radioda, qəzetlərdə işıqlandırılıb.Çox sevinirəm ki, Naxçıvan Muxtar Respublikasında gənclərə göstərilən diqqət və qayğı yüksək səviyyədədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Sosial Könüllü ” olduğum müddətdə “Canlı Tarixlər”, “Nizami dünyasına səyahət” layihələrimə dəstək olunub və yüksək səviyyədə reallaşdırmamçün imkan yaradılmışdır. Bir müddət keçdikdən sonra təkcə yalnız öz inkşafımçün deyil, digər gənclərin inkşafı üçün bir sıra layihələrə, psixoloji təlimlərə onların istedadlarının aşkar olunması üçün bütün dövlət tədbirlərinin geniş miqyaslı hazırlanmasına çalışmışam. Gələcək planlarım arasında öz millətimə, dövlətimə xeyirli gənc olmaq üçün və digər gənclərin həyatında müsbət dəyişiklər formalaşdırmaq üçün addımlar atmağa çalışacam.

Təhsilinizi magistratura pilləsi üzrə davam etdirmək fikriniz var?

Əslində, belə bir planım yox idi və magistr imtahanın 1 ci imtahanındada iştirak etməmişəm, sonra bir neçə dəyərli insanın məsləhəti ilə təhsillə bağlı atacağım addımlar arasında magistr pilləsi yer aldı. İnşallah, iyun ayı keçiriləcək imtahanda iştirak edəcəyəm. Çünki oxuduğum sahə üzrə təkmilləşmək arzusundayam. İnşallah bu məqsədimə də çataram.

“Təhsil Millətin Gələcəyidir” fikri sizin üçün nə ifadə edir?

Təhsil insanı formalaşdırır, gələcəkdə hədəflərinə yol açır. Təhsilsiz bir cəmiyyət bizi sadəcə məhvə sürükləyə bilər, Çünki daim inkşafda olan bu dünyada yalnız inkişaf edərək özümüzü dünya ilə ayaqlaşdıra bilərik.Təhsillimizi yüksək səviyyəyə çatdıraraq ölkəmizə, millətimizə yalnız layiqli bir gənc ola bilərik, onun inkşafına təkan verib və bir çox insan üçün gözəl bir həyat yarada bilərik, təhsilli bir insan baxış açısı düşüncə tərzi ilə ətrafındakı insanları da təhsilə meyl etməsinə gözəl təkanlar yaradır və ölkəmizin hər tərəfli inkişafına dəstək ola bilərik. Gələcək-təhsillə formalaşır, oxuyan insan, düşünən insan, baxış bucağı formalaşan insan ancaq gələcək haqqda düşünə bilər və gələcəyin gözəlləşməsində rol oynaya bilər.

Sizcə, distant təhsillə ənənəvi təhsilin keyfiyyət baxımından nə kimi müsbət cəhətləri var?

Distant təhsillə bağlı Azərbaycan ilk təcrübəsi idi. Qeyd etməliyəm ki, mənfi nüanslar təbii ki, olmalı idi. Gənclərin alışması internetin zəif olması və s. bunlar təhsil göstəricilərini, təbii ki, aşağıya salırdı. Həmçinin gənclərimizin telfona asıllığı daha da artmağa başladı. Müsbət tərəflərini də qeyd etmək istərdim. Dünya təcrübəsindən yararlanaraq müxtəlif proqramlarla istifadə qaydalarını öyrənə bildik, həmçinin, bir çox ödənişsiz maarifləndirici təlimlərə qoşula bildim, bir çox məşhur müzeyləri online şəkildə görmə imkanı qazandım, dünya elektron kitabxanalarından istifadə hüququ qazana bildim bunları gözəl tərəflər kimi qeyd etməliyəm. Distan təhsili görmüş əyani təhsil alan bir gənc kimi deyə bilərəm ki, hər gün səhər yuxudan oyanmağın, o dərsə hazırlaşmanın, təmiz hava almanın, yaxınlarının dəyərini daha da dərk edən bir gənc kimi əyani təhsil mənimçün daha ön planda yer alır.

Sizin təhsil müəssisələrinizdə də dərslərin distant formada keçirilməyini istəyərdinizmi?

Bildiyimiz kimi, dünyanı öz əlinə alan Covid 19 virusu heç nədən yan keçmədi. Təhsil sistemi də ziyan çəkənlər arasındadı. Covid 19 virusunun ilkin mərhələlərində bizim təhsil müəssisədə qoyulan qaydalara əsasən bağlanıldı. Distant təhsil alan bir gənc kimi deyə bilərəm ki, həmin təhsil formasında ilkin təcrübə olduğu üçün alışa bilmirdim. Bir çox tələbənin internet problemi və bu kimi hallar gənclərimizin təhsil göstəricisini aşağıya salırdı. Çox şadam ki, verilən qərarə əsasən sentyabr ayından biz əyani qaydada dərsə gedirik təhsilimizi davam edirik. Naxçıvan Muxtar Respublikasında yoluxma minimum həddədir. Bunun əsas səbəbi virusla bağlı görülən hər tərəfli ciddi adımlar sayəsindədir. Şəxsən bir gənc olaraq məcbur qalmadığım halda distant təhsil almaram. Əyani təhsil müəllimlə bir başa ünsiyyətdə olmaq, dostlarımla görüşmək, onlarla söhbətləşmək daha dəyərlidir mənim üçün.

Gənclərimizə nə kimi tövsiyələr vermək istəyərsiz?

Bu gün sevindirici haldır ki, cəmiyyətimizdə yüksək intellektli sağlam düşüncəli gənclər yetişir. Gənclərə demək istərdim ki, özünüzü dərk etdiyiniz an özünüzə bu sualı verin: “Mən cəmiyyətə necə xeyirli bir vətəndaş, gənc ola bilərəm? ” Bu sualı verdikdən sonra inanın ki,sizin üçün bütün hədəfləriniz və arzularınız tam olaraq aydınlaşacaq. Səhv etməkdən qorxmasınlar, bu günün səhvləri sabahın ən uğurlu addımlarını gətirir. Qarşılarına nə çətinliklər çıxırsa çıxsın xəyallarının, arzularının arxasınca getməkdən heç yorulmasınlar. Hər şey öz əlinizdə. Daim irəli, əziz gənclər!

Müsahibəni aldı: Vəzifə Ələkbərova

Həmçinin bax: Rusiyada təhsil alan həmyerlimizin təəssüratları

One thought on “İlin gənci və əlaçı tələbəsi ilə müsahibə”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir