Parıltısını hiss etdirməyən qığılcım — Qurbanəli Şərifzadə

Müdriklik ilk növbədə ali şüurun vəziyyətidir. Bu vəziyyətdə olanlar hər şeyin insanın təkamülü üçün olduğunu anlayırlar. Şüurun bu yüksəlişi ilə insan həyatın döyüş meydanı deyil, inkişaf prosesi olduğunu anlayır. Bunu anlayandan sonra isə daim tərəqqi və inkişaf üçün çalışır hər kəs. Belə müdrik insanlardan biri də Qurbanəli Şərifzadə idi.
1854-cü ildə Naxçıvanda ailəsini bağbanlıq etməklə dolandırmağa çalışan Hacı Ələsgərin ailəsində dünyaya göz açan Qurbanəli maddi çətinlik üzündən təhsil ala bilməmişdi. Məktəbə getməməsinə baxmayaraq öz səyi ilə nəinki oxuma-yazma, hətta bununla yanaşı rus və fars dillərini də öyrənmişdi. Gənclik vaxtlarından şəfalı bitkilər toplayaraq satmaqla ailəsinin ehtiyaclarını ödəyən Qurbanəli həm də bir ədəbiyyat sevdalısı idi. O, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Sultanməcid Qənizadə, Firudin bəy Köçərli, Ömər Faiq Nemanzadə, Əli İsgəndər Cəfərzadə, Hacı İbrahim Qasımov, Tağı Şahbazi Simurq və Salman Mümtaz kimi ziyalılarla dostluq edirdi. Bu dostluq onu zamanla mollanəsrəddinçilər ədəbi mühitinə düşürür. Q.Şərifzadə özünün ədəbi – ictimai və publisist fəaliyyətində dövrünün ictimai ziddiyyətlərindən yazmağı, maarif və mədəniyyəti inkişaf etdirməyi, milli tərəqqiyə nail olmağı vacib hesab edirdi.
Müdrik ziyalının ilk məqaləsi “Naxçıvandan məktub” başlığı ilə “İrşad” qəzetində çap olunmuşdu. Q.Şərifzadə bu məqaləsində insanları “cəhalətin dərdinin dərmanını” tapmağa çağıraraq yazırdı: “Əgər daha bir də qəflət edib cəhalət dərdinin dərmanını tapmasalar o vaxt “nə bər morde, bər zende bad gerist” ( ölüyə yox, diriyə gərək ağlayasan)”.
Məqalələrində maarif və milli mədəniyyəti təbliğ edən ziyalı eyni zamanda satirik felyetonları ilə də cəhalət və geriliyi, dini xurafatı tənqid edirdi. Onun “Məscidlərimiz” adlı felyetonunda müsəlmanların acınacaqlı aqibəti təsvir olunmuş və bütün bunların arxasında isə cəhalət və savadsızlığın durduğu vurğulanmışdı.
Böyük ziyalının “Molla Nəsrəddin” jurnalında “Hacıleylək ” imzası ilə çap olunmuş “Qiyamət qopar?” satirik tənqidi üslubda yazılmış felyetonunda da dövrünün eybəcərliklərini qələmə alaraq yazdığı “Mənə nə dəxli var din əldən getdi, ya vətən payimal oldu? A canım, bircə mənə de görüm, islam aləmi yatsa, ya batsa qiyamətmi qopar? Əgər məktəbimiz olmasa, elmimiz olmasa qiyamətmi qopar? Əgər cəhalət dərimizi soya, ya maymun kimi boynumuza zəncir salsa, ya ulaq kimi başımıza nota vursa, qiyamətmi qopar? ” cümlələrdə vətən üçün, el üçün çəkdiyi ürək ağrısını aşkarca görmək mümkündür.
Çoxlarımız onu Z.Marağayinin “İbrahim bəyin səyahətnaməsi”nin təsiri ilə yazılmış “Mozalan bəyin səyahətnaməsi” əsərindən tanıyırıq. Çünki “mozalanı” İrəvan və Naxçıvan tərəflərində Qurbanəli Şərifzadə gəzdirdi.
Böyük ziyalının həyatını araşdırdıqda şahid oluruq ki, o, sədaqətli dost və fədakar insan olub. O heç bir zaman öz dostlarına maddi köməkliyini də əsirgəməyib. Mirzə Cəlilin Q.Şərifzadəyə yazdığı bir məktubda da bu fakt öz əksini tapır. Məktubda yazılmışdı “Sən mənə yazırsan ki, teleqrafı alan kimi mənim ağama aparıb iyirmi manat verdin (C.Məmmədquluzadə bu məktubda ağam dedikdə atası Məmmədqulunu nəzərə çatdırır). Mən bilmirəm bu barədə sənə nə deyim. Deyim əgər “çox razıyam”, bu, həmişə eşitdiyimiz sözdür, adəti sözdür. Hamısından yaxşı burada mən bir neçə nöqtə qoyum…
Teleqrafda yazmışdım ki, kağız gözlə. Həmin kağızda sənə yazacaqdım ki, ağam mənə yazmışdı ki, ona xərclik göndərim. Mən də mümkün eləmədim. Axır gəldi oldu çərşənbənin günü və ağam yadıma düşdü. Ürəyim o qədər sıxıldı ki, az qaldım ağlayam. Axırda sən yadıma düşdün və sənə teleqraf elədim və bu teleqrafı da mən çox çətinliklə göndərdim. Çünki yaxşı bilirdim ki, heç haqqım yoxdur səndən pul istəməyə. Hələ mən səndən on iki manat da bir almışam və Naxçıvandakı borcumu da, heç bilmirəm, Məşədi Heydər verib ya yox?”
Bunlardan əlavə, “Molla Nəsrəddin” jurnalı maddi böhran keçirdiyi zaman C.Məmmədquluzadə ilk növbədə Q.Şərifzadədən kömək istəyər və o da hər dəfə jurnalı bağlanmaq təhlükəsindən qurtararmış.
Naxçıvanda həm də xeyriyyəçi kimin tanınan Q.Şərifzadə Hüseyn Cavidin “Məktəbi-Tərbiyə”də oxumasında da, Türkiyədə təhsil almasında da böyük rol oynamışdı. Hələ Hüseyn Cavid Məhəmməd Tağı Sidqinin yeni üsullu məktəbində, “Məktəbi-Tərbiyə”də oxumağa həvəslənəndə və atası buna qarşı çıxanda o molla Abdulladan çox çətinliklə də olsa, razılıq alıb Hüseynin “Məktəbi-Tərbiyə”də oxumasına kömək etmişdi. Hətta H.Cavidin Türkiyədə təhsil aldığı müddət ərzində də Q.Şərifzadə ona maddi və mənəvi köməklik göstərməyə davam etmişdi.
Yaşadığı dövrdəki cəhalət və geriliyə dözməyən Qurbanəli Şərifzadə qabaqcıl ziyalılarla birlikdə elmin, təhsilin rolunu əsas tutaraq, cəmiyyəti bu işə cəlb etməyə çalışırdı. Yaşadığı çətinliklərə, maneələrə baxmayaraq, savadsızlığı ləğv etmək uğrunda yorulmadan mübarizə aparırdı.
Onun ən dolğun portretini isə Q.Şərifzadənin ölüm səbəbi ilə yazdığı nekroloqda H.Cavid təsvir etmişdi. Həmin nekroloqda yazılırdı : “Səmimi millət xadimlərindən biri də tərki-həyat etdi. Əvət, Qurbanəli Şərifzadə həzrətləri də sönüb getdi, həm də bilirməsini, parlamasını sezdirməyən bir qığılcım kimi söndü. Qafqazyanın bir çox mühərrirləri, ədibləri, sənətkarları və millət xadimləri mərhumu yaxından tanır və dadlı müsahibələrindən xoşlanardı… Mərhum vaxtında bir çox qəzetlərdə iştirak edir, bəzi səmimi cəmiyyətlərdə çalışır, həqiqi bir millətsevər ruhilə kəndi irqdaşlarını düşünürdü. Lakin bir dürlü səsi çıxmazdı, çünki gurultudan, nümayişdən, alqışdan pək də xoşlanmazdı.
“Sağ əlinlə verdiyini sol əlin duymasın!..” üsuluna ən çox riayət edən, sadiq, fədakar, həmiyyətli bir sima idi… Bir an, əvət, bir an belə elm və maarif günəşinə pərəstiş etməkdən geri durmazdı… Onda son dərəcə böyük bir istedad və məziyyət var idi. O da böyük bir mübəlliğ, qəhrəman bir rəhbər olması idi…”.
Maarif təşnəsi olan Q.Şərifzadə sözün həqiqi mənasında mədəniyyətimizin sönməyən ulduzu idi. Onun aydınlıq ömür yolunu nə qədər çox öyrənsək, bir o qədər şey qazanmış olacağıq.

Yazar: İlahə Allahverdiyeva

Həmçinin bax: Bəstəkarın doğum günü — Milli Musiqi Günü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir