Rəşad Tağıyev: Azərbaycan müəllimi bütün cəbhələrdə öndə getməyə qadirdir.

Müəllim hər zaman cəmiyyətin, insanlığın inkişafı yolunda şam kimi nur saçır. Bu baxımdan Azərbaycan müəllimi ən fədakar və ən yüksək hörmətə layiq bir missiya daşıyır, xalqın maariflənməsi üçün ulularımızın başladığı müqəddəs yolu müasir tələblər səviyyəsində layiqincə davam etdirir. Ölkəmizin taleyüklü və tarixi anlarını yaşadığı bir məqamda müəllimin üzərinə də mühüm vəzifələr düşür. Bu gün müəllim üç cəbhədə fəal mübarizə aparır – həm vətənpərvər gənclər yetişdirir, həm koronavirusla mübarizə baxımından ön cəbhədə bir əsgər kimi döyüşür, həm də Vətənin müdafiəsində iştirak edir. Eləcə də istənilən vəziyyətdə uşaqların savadlı, bilikli yetişməsi üçün var gücü ilə çalışır. Bu gün Ali Baş Komandanımızın rəhbərliyi ilə cəbhədəki uğurlarımıza baxanda hər birimiz haqlı qürur hissi keçiririk. Sözsüz ki, bu uğurlarda ən çox haqqı olanlardan biri də Azərbaycan müəllimidir. Çünki cəbhədə qəhrəmanlıq göstərən əsgərlərin vətənpərvərlik ruhunda formalaşmasında ailələri ilə bərabər, təhsilin və müəllimin də rolu olduqca böyükdür. Zəfər bayrağımızı qaldıran vətənpərvər nəsilləri Azərbaycan məktəbi, Azərbaycan müəllimi yetişdirir. Əminik ki, ordumuz işğal altında olan bütün Azərbaycan torpaqlarını düşməndən azad edəcək. Yüksək döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı və vətənpərvərliyi ilə seçilən Azərbaycan Ordusu döyüş meydanında qəti və son sözünü deyəcək. Ordumuzun uğurlu əks-hücum əməliyyatı ilə düşmənə sarsıdıcı zərbələr endirməsi və işğal altında olan torpaqlarımızın azad edilməsi üçün mübariz ruhla səfərbərliyə qoşulanların sırasında təhsil işçiləri də az deyil. Belə ki, indiyədək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində çalışan müəllimlərdən 95 nəfəri (onlardan 24-ü fənn müəllimi, 71-i isə gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbərdir) hərbi mükəlləfiyyətlə bağlı vəzifələri yerinə yetirmək üçün səfərbərlik xidməti orqanları tərəfindən hərbi toplanışlara cəlb edilib. Bu kimi faktlar bir daha təsdiq edir ki, müəllim təkcə sinif otaqlarında deyil, ehtiyac olduqda səngərdə də öz yetirmələrinə vətənpərvərlik nümunəsi göstərməyə qadirdir. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev söyləyib. O bildirib ki, bugünkü uğurlarımızın qazanılması yüksək dünyagörüşünə və bacarıqlara malik gənclərin hazırlanması ilə başlayır. Paytaxtın ümumi təhsil müəssisələrində uşaq və gənclərin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, onların milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda böyüməsi istiqamətində məqsədyönlü işlər görülür. Təkcə gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisində deyil, eləcə də digər fənlərin tədrisi zamanı vətənpərvərlik ruhunun formalaşdırılması məqsədilə şagirdlərlə müvafiq söhbətlər aparılır. “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin rifahının yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayıb. Təsadüfi deyil ki, 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü müasir müstəqil respublikamızda 1993-cü ildən qeyd edilməyə başlayıb. Azərbaycanda təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin təhsilə qayğını dövlət siyasətinin prioritetləri sırasına daxil etməsi ölkəmizin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. “Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısı, birinci xanım Mehriban Əliyevanın təhsilimizin himayədarı kimi yorulmaz fəaliyyəti təhsil işçilərini daha da ruhlandırır. Heydər Əliyev Fondunun dövlətin təhsil siyasətinə verdiyi dəstək müvafiq sahədə inkişaf dinamikasını artırır. Yeni, müasir məktəblər və təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini yaxşılaşdırır, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir. Təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və rəğbətləndirilməsi istiqamətində atılan ardıcıl addımlar təhsil sahəsində çalışanlar üçün böyük stimul olmaqla yanaşı, həm də hər birimizin məsuliyyətini artırır. Sevindirici haldır ki, həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllimlik rəqabətli bir peşəyə çevrilir. Müəllim nüfuzunun artırılması, müasir tələblərə cavab verən təhsilverənlər ordusunun formalaşdırılması istiqamətində dövlətin siyasətinə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən də məqsədyönlü tədbirlər həyata keçirilir. Yüksək şəffaflıq və obyektivlik şəraitində həyata keçirilən müəllimlərin işə qəbulu, diaqnostik qiymətləndirilməsi, pedaqoji işçilərin yerdəyişməsi müsabiqəsi, eləcə də digər müvafiq tədbirlər nəticəsində müəllim peşəsinə maraq xeyli dərəcədə yüksəlir, məktəblər müvafiq tələblərə cavab verən yüksək hazırlıqlı müəllimlərlə təmin olunur. Dövlətin məktəbə, təhsilə, müəllimə göstərdiyi qayğının nəticəsidir ki, ali məktəbə qəbul olan gənclərimiz arasında təkcə qızlar deyil, oğlanlar da ilk seçdikləri ixtisaslar arasında müəllim peşəsinə daha böyük maraq göstərirlər. Məqsədyönlü dövlət siyasəti nəticəsində təhsil sahəsində davamlı olaraq həyata keçirilən islahatlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə əsaslanaraq daha da inkişaf edəcək. Bu islahatların və inkişafın hərəkətverici qüvvəsi olan müəllimlər də həmişə olduğu kimi, öz ziyaları ilə tərəqqiyə gedən yolumuza işıq salmaqda davam edəcəklər. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin dediyi kimi: “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz!”. Tarixin sınağından çıxmış bu fikirlərə istinad edərək deyə bilərik ki, təhsili, iqtisadiyyatı və ordusu daha güclü olan Azərbaycan indiki mərhələni də zəfərlə adlaya biləcək. Azərbaycan müəlliminə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günündə ən böyük təbriki və sevinci yetirmələri olan əsgərlər qazandıqları qələbələrlə bəxş edir. Zəfər Azərbaycanın, qələbə Azərbaycan xalqınındır!”,- deyə Rəşad Tağıyev qeyd edib.

Mənbə:Muallim.edu.az

Həmçinin bax:3 oktyabr üzrə ümumi təhsil müəssisələrində COVİD-19-la bağlı məlumat

Həmçinin bax:https://kafkazh.com/kristallik-maddeler-haqqinda-feza-qefesi-kristal-qurulusu-anlayisi/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir