Zəfər Gününə həsr edilmiş TOPs Festivalı keçirilib

Noyabrın 5-də “TOPs proqramı – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsi çərçivəsində 8 noyabr – Zəfər Günü münasibətilə təşkil edilmiş estafet tipli idman oyunlarından ibarət yarışlara yekun vurulub. 
 
TOPs festivalı formatında təşkil olunmuş final yarışlarında IV və VI siniflər üzrə 72 şagird çempionluq titulu qazanmaq üçün bir araya gəlib. Bu yarışlarda ümumilikdə 24 sinifdən 300 nəfərə yaxın şagird iştirak edib.
Festival öz işinə “Zəfər Günü” mövzusunda təşkil edilmiş rəsm sərgisi ilə başlayıb.
 
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, “British Council” Azərbaycan ofisinin direktoru Francis Gardener-Trejo, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, UNICEF Azərbaycan nümayəndəliyinin rəhbəri Aleks Heykens və digər qonaqlar iştirak ediblər. 
 
Təhsil nazirinin müavini Firudin Qurbanov festivalın açılışında çıxış edərək pandemiyadan sonra məktəblilərin sağlamlığının qorunmasında, fiziki inkişafında bədən tərbiyəsi və idmanın artan rolundan danışıb. Firudin Qurbanov qeyd edib ki, TOPs proqramının əsas məqsədi fiziki tərbiyə dərslərini maraqlı, cəlbedici keçirilməsini təmin etməkdir. 
 
Zəfər Günü münasibətilə iştirakçıları təbrik edən nazir müavini bildirib ki,  30 ildən sonra işğaldan azad edilən torpaqlarımızın yenidən qurulması işlərinə artıq başlanlıb və bu işdə gənclərin də böyük rolu olacaq. Elə buna görə də bugünkü tədbirin böyük əhəmiyyəti var, çünki birbaşa gənclərin sağlamlığı ilə bağlıdır. 
 
UNICEF Azərbaycan nümayəndəliyinin rəhbəri Aleks Heykens idmanın gənclərin həyatında önəmli rolundan danışıb və qeyd edib ki, TOPs proqramı da bu mənada çox əlamətdardır, çünki müasir tədris yanaşmalarını həyata keçirmək imkanı yaradır. 
“British Council’ Azərbaycan ofisinin direktoru Francis Gardener-Trejo da tədbirdə çıxış edərək liderlik və kollektiv fəaliyyət bacarıqlarının inkişaf etdirilməsi istiqamətində gənclərin hərtərəfli inkişafı işinə töhfə verən TOPs proqramında əməyi keçən tərəfdaşlara təşəkkür edib.
 
 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev TOPs metodologiyasının artıq Akademiyanın tədris proqramına daxil edildiyini diqqətə çatdırıb. 
 
Daha sonra estafet yarışlarının final mərhələsinə start verilib. 
 
Yarışlar arası fasilələrdə məktəbin özfəaliyyət qrupunun üzvləri vətənpərvərlik mövzusunda müxtəlif rəqs və musiqi nömrələri ilə çıxış edib.  
 
Festivalın sonunda qalib komandaların mükafatlandırılması mərasimi baş tutub. Qonaqlar qaliblərə diplomlar və kuboklar təqdim edib.
 
Qeyd edək ki, TOPs proqramı Təhsil Nazirliyi, “British Council” Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, həmçinin “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir.
 
Proqramın məqsədi fiziki tərbiyə müəllimlərinin nəzəri bilikləri və praktiki peşə bacarıqlarını TOPs metodikası vasitəsilə zənginləşdirməklə daha maraqlı və rəngarəng tədris prosesi təşkil etməkdir.

Müxbir: Ələkbərova Günayə
Mənbə: Təhsil Nazirliyi

Həmçinin bax: Təhsil Nazirliyi və tabe qurumlar tərəfindən vətəndaşların videoqəbul qrafiki yenilənib

Həmçinin bax: DİM-in elektron xidmətlərindən istifadə edən şəxslərin nəzərinə!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir